TÜRKYOLU Dergisi Bakü Temsilcisi
Əkbər Qoşalının qurultayqabağı məruzəsi
Məruzə ixtisarla təqdim olunur
…Bəlli olduğu kimi, artıq ayrı-ayrı sahələr üzrə məruzələr edilib yaxud belə məruzələr hazırlanır və mən digər məruzəçi həmkarlarımın mövzularına toxunmamağa çalışmışam. …Yalnız onu deyək ki, AYB rəhbərliyi ötən qurultaydan bəri türk ölkələrində keçirilmiş onlarla festivalda, konfransda ölkəmizi təmsil edib, Türk dünyasını qapsayan ədəbi müsabiqələrdə (məs., Avrasiya YB-nin “Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi”ndə) AYB tərəfdaş kimi çıxış edib, tanınmış yazarlarımız münsif olub. …Türk ölkələrindən bir sıra tanınmış şair, yazıçı AYB-nin fəxri üzvü seçilib.
AYB-nin bütün orqanları, özəlliklə “Ədəbiyyat qəzeti”, Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzi ötən qurultaydan sonra da Türk dünyasına ürəkgenişliyi ilə meydan tanıyıb; “Ədəbiyyat qəzeti”ndə Türk xalqları ədəbiyyatı haqqında baş redaktor A.Turanın çoxsaylı yazıları yayınlanıb. Baş redaktorun C.Şəhabəddin, T.Fikrət, M.Akif, R.Tevfik, A.Haşim, Y.Kemal Bayatlı, N.Hikmət, O.Vəli, N.F.Kısakürək, H.N.Atsız, S.Berfe, C.S.Tarançı, C.Süreya, E.Cansevər, S.Karakoç, S.Turan, eləcə də İ.Qaspıralı, Ə.İbrahim, Y.Akçura, A.Fitrət, Z.V.Toğan, X.S.Xocayev, Ç.Dağçı, Ç.Aytmatov, və b. ilə bağlı yazılarından başqa, Bakıda Ə.Hüseynzadə, Kanadada X.S.Xocayevlə bağlı kitabları gün üzü görüb. H.Cavidin bütün əsərləri İstanbulda A.Turanın ön və son sözləri ilə nəşr olunub.
S.Hüseyinlinin baş redaktoru, S.Babullaoğlunun qurucusu olduğu “Dünya Ədəbiyyatı” dərgisinin “Türkiyə Ədəbiyyatı” Xüsusi buraxılışı çıxıb. “Ulu Çinar” isə biləvasitə Türk dünyası ədəbiyyatına xidmət edir. Bu dərginin dövriliyinin bərpa edilməsi çox yaxşı olardı. AYB Mətbuat xidmətinin başçısı X.Rza həm də “İLESAM-Azərbaycan”ın və qurucusu olduğu Beynəlxalq Türk Müəllifləri Birliyi (BeyTüM) vasitəsi ilə yaddaqalan layihələr həyata keçirib.
AMEA Ədəbiyyat İnstitutu, Atatürk Mərkəzi, Daşkənddəki H.Əliyev ad. Azərbaycan Mədəniyyət Mərkəzi, uyğunprofilli QHT-lərimiz, özəlliklə DGTYB, M.Kaşqari Fondu, “Vektor” (“Bayatı” dərgisi), “Türk dünyası İnfo” İB, KİV-lərimiz- edebiyyatveincesenet.az, dilimizvarliqimiz.az, bizimyazi.az, manera.az …saytları, “525-ci qəzet”, “Ədalət”, “Olaylar”, “Türküstan qəzeti”, “Xalq cəbhəsi”, “Kaspi”, “Kredo” qəzetləri …və b. ötən illər içində, sözün ən müsbət anlamında, Türk dünyası deyib, Türk dünyası eşidib…
…Azərbaycana ən çox diqqət ayıran qurum və quruluşlara isə bu ünvanları misal göstərə bilərik: Türkiyədən-Avrasiya YB (o cümlədən “Qardaş qələmlər” dərgisi, “Bəngü” YE), TƏV (o cümlədən “Türk ədəbiyyatı” dərgisi), Türkiyə YB, TDAV, “Türk Ocaqları”, Fəthiyyə Ədəbiyyatçılar qrupu, “ANKA” Dərnəyi, “Telmih”, “Temrin” …sənət-ədəbiyyat dərgiləri;
Özbəkistan YB, “Kitab dünyası” qəzeti;
Qazaxıstan YB, “JALIN”, “Simurq”, “BİLİK Times” dərgiləri, “Türk Xalqları Ədəbi İlişkilərini Gəliştirmə” Fondu;
Qırğızıstan MYB;
Tatarıstan YB, “Kazan Odları” dərgisi,
Saxa-Yakutiya YB (Birliyin “Çolpan” dərgisi),
Kərkük Kültür Dərnəyi;
…ortaq türk qurumları: TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu.
Səfirlərimizdən H.Orucov, R.Məmmədov ədəbi-mədəni əlaqələrin güclənməsi baxımından ötən illər Qırğızıstanda, Qazaxıstanda təqdirəlayiq işlər görüb. R.Məmmədovun Türkiyədə, yeni səfirimiz A.Atamoğlanovun Qazaxıstanda yeni layihələrlə çıxış edəcəyinə inanırıq.
Əgər Türk dünyası ədəbiyyatı üzrə son illər ən məhsuldar şəkildə çalışmış alimlərimizin adını çəkəsi olsaq, 5 isim önplana çıxar: Akd. N.Cəfərov, Prof. R.Əskər, Prof. E.Quliyev, Prof. A.Ülvi, Folklor İnstitutunun bölmə rəhbəri Ə.Şamil. Bizim bu məruzəmizdə də onların əsərlərindən yararlandığımız məqamlar olub.
Prof. E.Quliyevin “Türk xalqları ədəbiyyatı” (2017) dərsliyi türk xalqları ədəbiyyatına töhfə olan əsərlərdəndir. “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” kitabı (2019) isə şair V.Aslana aiddir. Prof.Dr. F.Ağasıoğlunun son illərdəki əsərlərini də şükranlıqla xatırlayırıq. Türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmu nəzəriyyəsini irəli sürən alim son 30 ildə bu sahədə apardığı araşdırmalar əsasında “Doqquz bitik” yazıb. Əsərin 3 cildi 2014-cü ildə gün üzü görüb. Könül istər, “Doqquz bitik”in digər cildləri də gün üzü görsün, əsər qardaş ölkələrdə də yayınlansın.
…Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Fil.ü.f.d. E.Babayeva 2017-2021-ci illər üzrə “Azərbaycan və Türk dünyası arasında ədəbi əlaqələr” mövzusunda məruzələrlə çıxış edib. 2016-cı il üzrə məruzəni isə Prof. N.Tağısoy edib.
E.Babayeva Azərbaycan-Türk dünyası ədəbi-mədəni əlaqələrinin inkişafında sürətlənmə müşahidə edildiyini vurğulayır. Alim sözügedən istiqamətdə elmi-nəzəri konfranslar keçirildiyini, dissertasiyalar, (Prof.Dr. F.Bayatın 2018-ci ildə ölkəmizdə və Türkiyədə çıxan 4 monoqrafiyası daxil olmaqla) monoqrafiyalar yazıldığını qeyd edir. E.Babayeva ədəbi əlaqələrin inkişafında xidmət göstərmiş alimlərin adını qədirşünaslıqla sıralayır: Akd. İ.Həbibbəyli, professorlar – Q.Paşayev, M.Əliyev, Ə.Rəsulov, R.Əskər, A.A.Aydın, E.Quliyev, M.Hacıyeva, A.Babayev, T.Məlikli, N.Araslı, J.Əliyeva, N.Tağısoy, F.Bayat, A.Ülvi, Fil.e.d. Y.Qasımbəyli, R.Əhmədov, Fil.ü.f.d. – İ.Osmanlı, E.Babayeva, X.Hümmətova, F.Vəliyeva, S.Sadiyev, T.Teymurov, M.Həsənov, E.Məmmədova, X.Qafqazlı, S.Qasımlı, R.Quliyev, S.Gündoğdu, B.Osmanova, N.Mustafayeva, F.Dursunova, K.Nəcəfova, L.Kərimova, A.Qəzənfərqızı, A.Turan, E.Məmmədova, N.Əskər, A.Xəndan, Q.Şəhriyar və b.
Azərbaycanın türk dünyası, türk dünyasının Azərbaycanı…
Türk dünyası ədəbiyyatı dedikdə Türk dünyasından olan şair, yazıçıların öz ölkələrinə, o cümlədən ümumtürk (Dünya) mədəniyyətinə bəxş etdiyi ədəbi-mədəni fikrin ən yaxşı örnəkləri nəzərdə tutulur.
…Türk dünyası ədəbiyyatını, ədəbiyyatda Türk dünyasını müzakirə etmək bizə ona görə vacibdir ki, Azərbaycan “Türk dünyası çadırının orta dirəyi”dir. I Türkoloji Qurultay da Bakıda keçirilmişdi (1926), “Sovet türkologiyası” Bakıda çıxıb, “Türkologiya” jurnalı da Bakıda çıxır. I Türkoloji Qurultaya vurğu etməyimiz əbəs deyil. Qurultayda keçmiş SSRİ-də yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası, mədəniyyəti geniş müzakirə edilib. Türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidinin elmi-metodik prinsiplərinin hazırlanması qurultayın əsas nəticəsi sayılır.
…Bizim mövzumuz türk ölkələrinin yazıçılar birliklərinin qurultaylarında yalnız Azərbaycanda məruzə edilir-artıq 2-ci dəfə. Azərbaycanın Türk dünyasındakı yeri, rolu yalnız fiziki-coğrafi anlam daşımır, ədəbi-mədəni, mənəvi iqlimi də ifadə edir.
M.Şeyxzadə Özbəkistana, Ə.Ağaoğlu, Ə.Hüseynzadə Türkiyəyə məhz Azərbaycandan getmişdi. …B.Çobanzadə, Ö.F.Nemanzadə, X.S.Xocayev məhz Bakıda yaşayıb-yaratmışdı… Azərbaycan Azərbaycandan böyükdür…
Bu il ölkəmizdə Şuşa İlidir. …Şuşa gələn il Türk dünyasının Mədəniyyət paytaxtı olacaq. …Türk dünyasından çoxsaylı şair, yazıçının Şuşa səfəri istəklərinin olması anlaşılandır. Belə istəklərdən biri Özbəkistandan gəlmişdi və səfər ötən ilin avqustunda baş tutdu: özbək şairi X.Rüstəm və araşdırmaçı-yazar Ş.Barlas Şuşaya səfər etdi.
X.Rüstəmin “44 gün” adlı kitabla çıxış etməsi, onun ayrı-ayrı ölkələrdən şair, yazıçıların Azərbaycanın haqlı davasına dəstək Bəyanatları, Müraciətlər təşkil etməsi Türk dünyasında ədəbiyyatçıların vizyonunu, vizyondakı Türk dünyasını göstərir. …Vətən Müharibəsinin gedişində bu sətirlərin müəllifinin …türk ölkə və topluluqlarını təmsil edən nüfuzlu şair-yazıçılardan aldığı Açıqlamalar, onların birmənalı dəstək çıxışları da unudulmazdır. Nizami yurdu Gəncə Ermənistan tərəfindən raket atəşlərinə tutulunca DGTYB-nin, şəxsən İ.Yaşarın səsinə səs verən Türk dünyası yazarları Bəyanat imzaladı, dünya birliyinə çağırış etdi.
N.Həsənzadənin O.Süleymenova poetik müraciəti
Qazaxıstanda bu ilin ilk ayının ilk günlərində baş verən olaylar vaxtı AYB rəhbərliyinin Qazaxıstan YB-yə həmrəylik məktubu ünvanlaması, KİV-lərin bizim ədəbiyyat xadimlərinə “Oljas Süleymenovla danışmısızmı?” kimi suallar verməsi, Xalq şairi N.Həsənzadənin O.Süleymenova şeir yazması burada xatırlatmaq istədiyim məqamlardan olub, özlüyündə, Türk dünyasında ədəbiyyat, ədəbiyyatda Türk dünyası mövzusunun güncəlliyini bir daha təsdiq edir:
“…Qoy yenə çağlasın o duyğu, o hiss,
yanından ötməsin bir əsən külək.
Bizim də – var olsun həmrəyliyimiz,
yenə İstanbulda görüşənədək”.
Xalq şairinin Xalq şairinə yazdığı şeir özündə siyasi, ideoloji məzmun da daşımaqla, Qazaxıstan olaylarına bir şəhərdən, bir ölkədən deyil, daha böyük tablodan baxmağa imkan verir. – Paralellər dəqiq, təsbitlər səlisdir… Və “yenə İstanbulda görüşənədək”!.. O İstanbul ki, az öncə orada TDT qurulmuşdu…
Genezis və fikir üfüqləri
Ədəbiyyat türk xalqlarının genezisində fövqəladə yerə sahibdir. Bu sahiblik bizi “ortaq türk keçmişindən ortaq türk gələcəyinə” götürür… Əlbəttə, gələcək özü gəlməyəcək, buna hazırlanmlıyıq: “Hazır olmaq, yalnız o günü susub gözləmək deyildir. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır? Mənəvi körpüləri sağlam tutaraq. Dil bir körpüdür… İnanc bir körpüdür… Tarix bir körpüdür… Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyik”. Atatürk bu sözləri XX yüzilin otuzuncu illərində deyirdi… – “Bədənimin atası Əli Rıza Əfəndi, hisslərimin atası Namiq Kamal, fikirlərimin atası isə Ziya Gökalpdır” deyən Atatürk… Mənəvi ataların kimliyi ədəbiyyatın, mədəniyyətin bir dövlət qurucusunun addımlarındakı rolunu göstərməkdədir.
…Ümummilli lider Heydər Əliyev “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyirdi. …Bu doğuş mədəniyyət iqlimi ilə yanaşı, fiziki, coğrafi parametrlərlə, təbiət və iqlimlə bağlı da öz təsdiqini tapmışdır. Günəş şüalarının paylanması, torpaqla, su ilə, hava ilə təması baxımından Yer üzündə ən uyğun coğrafiyalardan biri Azərbaycandır. …A.Eyvazlı ilə birlikdə Saxa-Yakutiyada Günəşin qarşılanması bayramı Iıssıxda iştirakımı xatırlayarkən, dünyada Günəş doğuşunun ən gözəl seyr ünvanlarından birinin Türkiyədə (Ayvalıqla Sarımsaqlı arasındakı “Şeytan Süfrəsi”) olmasını yada salarkən Türk coğrafiyası ilə yanaşı Türk mədəniyyət iqliminin gücünə inanıram. “Türkün varlığı bu köhnə aləmə yeni üfüqlər açacaq, Günəş nə demək, üfüq nə demək, o zaman görüləcək”. – Atatürkün bu fikirləri H.Əliyevdən gətirdiyimiz sitatla necə də həmahəngdir. – Dərin sözümüzün alqoritmi eynidir.
Mənəvi körpülər, mənəvi sağlamlıq, dil, inanc, tarix şüuru ilə toparlanmaq, soy-kökə bağlanmaq və bütünləşmək! – Yol budur.
Basınc və dirəniş
Türk xalqlarının geniş coğrafiyası zaman-zaman ədəbiyyatda, mədəniyyətdə təcallalarla səciyyələnib. Örnəyi, Güneydən-Quzeyə, Şərqdan-Günbatara keçidlərin, böyük köçlərin güzərgahı olmuş qaynar Qafqazlardan fərqli olaraq, burdan çox uzaqlardakı Saxa-Yakutiyada uzun, soyuq qış gecələrinin hüznü poeziyaya nağıl kimi hopub. Saxada milli ərazi çox böyük, əhali çox az, qışlar uzun, yazlar qısa, doğma qardaşlar uzaqdır… Öz üçqatlı dünya inanc sistemi ilə “Tanrının oğlu İsa”nın hakim təliminin Saxa ədəbiyyatında interperetasiyalara gətirib çıxardığı görünür. Saxa ədəbiyyatı sözdən artıq səs kimi gəlir adama. – Elə bil Şaman qımqıması, gümüldənməsi, sözsüz danışmadır. (Uzaqdakı qardaşımızın ədəbiyyatının klassiki, repressiya qurbanı P.Oyunskinin Azərbaycanda nəşr etdiyimiz “Qırmızı şaman” əsəri 2019-cu ildə Yakutskda ictimaiyyətə tanıdılıb. P.Oyunskinin əsərləri və özkeçmişi ilə tanış olduqca, Türk dünyasının XX yüzildə yaşayıb-yaratmış başqa bir mütəfəkkir ədibi – H.Cavid (və Cavidin yaratdığı obrazlar) gözlərimiz önündə canlanır. Nə təvafüqdür ki, hər iki mütəfəkkirin aqibəti eyni olub, ikisi də repressiyaya məruz qalıb, hər ikisi İrkutskda öldürülüb. Hər ikisi 1955-ci ildə bəraət alıb. Talelərinin başqa bir oxşar cəhəti də ibrətamizdir: Cavidin qızı Turan Cavid və Oyunskinin qızı Sardana Oyunski! – Hər iki xanım öz atasının yolunda ömrünü şam kimi əridərək, ailə həyatı qurmadı)…
…Akd. N.Cəfərovun 2018-ci ilin sentyabrında “Ədəbiyyat qəzeti”ndə yayınlanmış “Türk poeziyasının yakut-saxaca döyünən ürəyi” adlı yazısından bir bölümü sizinlə paylaşmaq istərdim: “Xalq şairi N.Xarlampyevanın “Mənim rəfiqim aprel” kitabçasında elə bir şeir yoxdur ki, müəllif mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsin, bununla belə, elə bir şeirə də rast gəlməzsən ki, ruhuna modern düşüncə texnologiyaları hopmamış olsun. Hər cür müqayisə, xüsusilə şairlə şairin, şeirlə şeirin müqayisəsi, əlbəttə, nöqsanlıdır, ancaq deməliyəm ki, N.Xarlampyevanın poeziyasında O.Süleymenov üslubuna bənzərlik gördüm. O mənada yox ki, Natalya xanım öz möhtəşəm həmkarını təkrar edir; yox, o baxımdan ki, hər iki sənətkarın yaradıcılığında, təfəkküründə qədimliklə müasirliyin son dərəcədə zərif, həssas, eyni zamanda “akademik sistem”ə çevrilmiş mükəmməl harmoniyası var.
…N.Xarlampyevanın poeziyasını həm ideya-məzmun, həm də poetika-forma baxımından səciyyələndirən ən mühüm əlamət etnik-tarixi yaddaşın canlılığı, sağlamlığı və bütövlüyüdür…
Mən də ulu türkün bir parçasıyam –
Kökləri dərindən-dərin,
Qızılı bayrağında boz qurd,
Kültiqin dövrünün varisi.
…Səhralarda qumların sehr dolu pıçıltısı,
Aralın parlaq suyu,
Düzlərin sarı üfüqü,
Qızıl dəvələrin qəmli gözləri
Uzaqlarda qaldı”…
…Saxadan başlamış Tatarıstanadək olan Sibir coğrafiyasındakı türk xalqlarının ədəbiyyatı ritm etibarı ilə musiqilidir, nəğmə türündədir. Sibir türküləri ilahi özləmi barındırır. Sağolsun, O.Hacımusalı dostumuz Sibir şairlərinin antologiyasını hazırlayıb. Antologiya Türkiyənin ünlü “ÖTÜKEN” Basım Evində gün üzünə hazırlanır.
…Qırğızlarsa “Manas”dan və Ç.Aytmatovdan yalnız ilham almır, həm də güc alır… “Manas” dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, qutsal ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, gələnəyini, torpaq sevgisini özündə yaşadan dastan, akından-akına keçərək günümüzə yetişib. …”Manas” deyincə haqlı olaraq Azərbaycan yazarlarından ilk yada düşən A.Cəmil olur. Umarım, o, “Manas”ın tam uyğunlaşdırılması yolundadır.
Qırğız ədəbiyyatından uyğunlaşdırmalar sahəsində son illər İ.İlyaslının adı tez-tez çəkilməkdədir. Çox şadam ki, bu sıraya yeni və gənc nəsil nümayəndələri də daxil olub: R.Sabir, T.T.Rəhimli, P.Məmmədli, G.Səma, Ü.Nəccari, T.Turan, X.Rəsuloğlu, A.Xaqan, F.Balabəyli, E.Nicat, E.Əzim, T.Mansur, İ.Yaşar, G.Eyvazlı, A.X.Səfərli, S.Əli və b. – Onlar “Gənc Qırğız şeiri” antologiyasının (2019) uyğunlaşdırıcılarıdır.
Qırğızca, qazaxca, özbəkcə “Qarabağ hekayələri”ni də burada vurğulamadan keçməyək. “Qarabağ hekayələri” daha öncə qardaş Türkiyədə Q.Paşayevanın və İ.Avşarın sayəsində təkrar nəşrlərlə gün üzü görmüşdü.
…”Özbək şeir çələngi” isə bizim Daşkənddəki Heydər Əliyev Mərkəzi ilə ortaq layihəmiz olaraq gün üzü görüb. Antologiyanın tərtibçiləri Ş.Dağlaroğlu və Ş.Qasımovadır.
Ortaq dənizli bavurlarımız
…Qazax bavurlarımız əsərlərini böyük ərazilərinə müqabil şəkildə və o böyük ərazilərə iştahlılara dirəniş ruhunda yazır, başqa dillərə çevirir, tirajlayır-məktəblərdə gənc nəsilin tərbiyəsinə getdikcə daha böyük ölçüdə cəlb edir. Abayın 175 illik yubileyinin beynəlxalq miqyasda keçirilməsi də fikrimizi təsdiq edir. …Abay şifahi xalq yaradıcılığının energetikasını özündən sonrakılara kamil şəkildə ötürüb.
…Qazax ədəbiyyatının təşəkkülündə, inkişafında önəmli rolu məhz xalq nəğməkarları – akınlar, jırçılar oynayıb və o etnoqrafik yaddaş, dünyaca ünlü O.Süleymenov, M.Şaxanov yaradıcılığı başda olmaqla, çağdaş qazax ədəbiyyatında çiçəkləyib.
…Çağdaş qazax poeziyası qardaş ölkələrin, ümumən qabaqcıl dünyanın ədəbiyyatı ilə birlikdə böyüyür və inkişaf edir. …U.Esdaulet, Q.Jaylıbay, T.Mədətbek, A.Əhmədbəyulı, S.Aksunkarulı, B.Aldiyar, A.Elgezek, D.Kapoğlu, T.Tolkınqızı, T.Kabılşa, S.Kamşıqer, E.Junus və b. – ən azı iki fərqli ədəbi nəslə mənsub olan bu şairlərin kitabları qazax oxucularının marağına səbəb olub.
…Qazax ədəbiyyatı deyincə uzun illər iki klassikin və bir yaşayan klassikin adı önplanda olub: Abay, Cambul, O.Süleymenov. Artıq böyük Qazaxıstanın ədəbiyyyatı daha böyük siyahı ilə tanınmalıdır. O cümlədən, mərhum şair, yazıçılar M.Jumabay, Q.Amanjolov, M.Makatayev, T.Ayberqanov, R.Otarbayev, Ə.Aymakın əsərləri Xəzərin bu tayında da tanınmalıdır. Onlar qazax xalqının istəklərini, istiqlaliyyəti və b. mövzuları sənətkarlıqla işləyib. …Habelə müstəqillik dövrü qazax ədəbiyyatını öyrənmək bavurlarımızın düşüncə alqoritmini, tarixi dəyişimləri yaxından izləməyə imkan verir. …Çağdaş gənclik poeziyasının aparıcı nümayəndələri arasında …O.Qasım, M.Asan və b. var. Postmodernist poeziyada qazaxlarda ilk addımı şair T.Abdıkakimov atıb. Eksperimental qaranlıq mahnıları ilk yazansa tarazlı T.Abaildayev olub.
…DGTYB-nin xətti ilə “Yeni qazax şeiri” antologiyası 2017-ci ildə Bakıda, 2020-ci ildə Ankarada çıxıb. Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış antologiyaya Dövlət Mükafatı laureatı T.Mədətbek “Önsöz” yazıb. Şeirlər Qazaxıstanlı yazarlar G.Fayzulla, G.Satbay, Azərbaycanlı yazarlar R.Sabir, T.T.Rəhimli, G.Səma, A.Şıxlı, E.Z.Qaraxanlı, İ.İlyaslı, İ.Yaşar, R.Dostəli və bu məruzənin müəllifi tərəfindən çevrilib.
…Bavurlarımız 2018-ci ildə “Yeni zaman Azərbaycan poeziyası” antologiyası ilə çıxış etdi.
…Qazax yeni nəsil yazarlarından danışınca istedadlı gənc yazıçı E.Serikbayın adını unuda bilmərəm. Onun adını xüsusi məhəbbətlə çəkirəm. Məhz o, Azərbaycan həqiqətlərinin qazaxcaya çevrilməsi və nəşri sahəsində yadda qalan işlər görməkdədir. “Qarabağ hekayələri”ni də, “Xocalı Soyqırımı: şahidlərin dili ilə” kitabını da məhz Erkinbek qazaxcaya uyğunlaşdırıb.
…2020-ci ildə gün üzü görən “M.Auezov: Həyatı və yaradıcılığı” (M.Əliyev, N.Məmmədov, X.Hümmətova, T.Teymurov) monoqrafiya Əİ Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanıb. T.Teymurovun “M.Auezovun “Abay” romanında sənətkarlıq məsələləri” adlı monoqrafiyası da, habelə Mahmud Kaşqari Fondunun, Türk Akademiyasının xətti ilə ABAYın, müvafiq olaraq, “Seçilmiş əsərlər”i və “Qara dastanı” da 2020-ci ildə gün üzü görüb.
Bakıdan Bişkekə bir baxış
…Araşdırmaçı-yazar K.Jakup çağdaş Qırğız şeiri barədə yazır: “Qırğız Respublikası müstəqillik qazandıqdan sonra …qırğız şeiri də dəyişimə uğrayıb. Öncəki şairlər …köhnə ideoloji-siyasi mövzulardan uzaqlaşıb. Köhnə mövzuların yerinə, daha çox, insanın taleyi, duyğuları, tavırları keçib”.
Müstəqilliksonrası Qırğız şeirini iki yerə ayıra bilərik: 1991-2000-ci illər arası və 2000-ci ildən günümüzədək…
Qırğız şeirində tarix və nəsillər dəyişiminin ağırlığı şairlər Ş.Duyşeev, K.Urmanbetov, N.Alimbekov, A.Rıskulov, K.Kökulov, N.Kalıbekov, Z.Acımatov, O.Şakirov və b. Yaradıcılığında təcalla edib.
…2000-ci il və sonrasındakı şairlərdən A.Ərgəşova, A.İsmail, N.Qurqubay, K.Jakup, B.Sarıbay, A.Doranbekuli və b. adını çəkə bilərik.
***
…Ç.Aytmatovun əsərlərinin Azərbaycancaya çevrilməsi və nəşri son illərdə də davam edir. Örnəyi, ustadın seçilmiş hekayələrinin İ.İlyaslı tərəfindən çevrildiyini, nəşr edildiyini bilirik.
Akd. İ.Həbibbəylinin “Ç.Aytmatov haqqında söz” adlı kitabı 2018-ci ildə 3 dildə nəşr olunub. Ç.Aytmatova həsr olunan əsərlərdən biri də Dos.Dr. M.Həsənlinin “Ç.Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyasıdır (2020).
Bişkekdə fəaliyyət göstərən “Türk Dövlətlərinin siyasətinə Dəstək Fondu” isə Azərbaycan ədəbiyyatı təmsilçilərinin əsərlərini qırğızcaya çevrib nəfis şəkildə nəşr edib.
Cana can Özbəkistan
“Roma mədəniyyətinin Avropa üçün önəmi nə qədərdirsə, özbək mədəniyyətinin də Orta Asiya üçün önəmi o qədərdir” (Ç.Aytmatov). …Görkəmli özbək klassikləri Nəvai, Uluqbəy, Babur və bir çox b. yaratdığı əsərlər yalnız Şərq xalqlarının deyil, həm də dünya sivilizasiyasının inciləri sırasındadır. …Nə xoşdur ki, 2021-ci il – “Nizami İli”ndə Nəvainin ölkəsində Gəncəli dahinin əsərlərinin orijinaldan özbəkcəyə çevrilməsi işi başa çatdırıldı və ustad C.Kamalın çevirdiyi “Xəmsə” özbəkcə kamal şəkildə nəşr olunub. Bu vacib layihəni icra edən Daşkənddəki Azərbaycan Mədəniyət Mərkəzinə alqışlar!
…2020-ci ilin fevralında Əİ Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin nəzdində Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı olub.
***
…Özbəkistanlı şair-tərcüməçi, DGTYB İH üzvü Ş.Artukova-Kamranlı çağdaş özbək poeziyası haqqında yazır: “Özbək ədəbiyyatı çeşidli dönəmlərdən keçmiş, işğallara, ictimai-siyasi formasiya, habelə sınır və demoqrafik dəyişimlərə baxmayaraq, günümüzə daha güclənmiş şəkildə gəlib çıxıb. A.Aripov, E.Vahidov, M.Yusuf, X.Dövran, X.Xudayberdiyeva, İ.Mirzə və b. ədiblər çağdaş özbək ədəbiyyatının ən güclü imzaları olaraq tanınır”.
Poeziyada ağla gələn ilk isim milli şair Çolpandır. Çolpan adı özbək şeiri üçün sanki bir simgədir. Onunla yanaşı Elbək, Qeyrəti, Q.Qulam, Uyğun, S.Abdulla, Q.Mühəmmədi, M.Şeyxzadə, H.Alimcan, Mirtemir, Zülfiyyə, Şöhrət, Şükrulla, Q.Hikmət, İ.Yusubov, E.Vahidov, M.Saleh, R.Pərfi və b. isimlər XX yüzil özbək poeziyasında önə çıxır.
…Çağdaş özbək nəsrində A.Qədiri, A.Qəhhar, Mirmöhsün, A.Yaqubov, P.Qədirov, N.Fazilov, Ö.Həşimov, E.Məlik, Ə.Dilmurad kimi adlar ilk srada çəkilə bilər. Romanda isə S.Ayni, S.Abdulla, N.Səfərov, H.Qulam kimi yazarlar önə çıxır.
Xalq şairi, Özbəkistan Qəhrəmanı, şair, yazıçı A.Aripov XX yüzilin Özbək dili və ədəbiyyatının gəlişməsində önəmli bir yerə sahibdir. O, Özbəkistanın müstəqillik marşının yazarıdır. …A.Aripov dastan türündə də önəmli əsərlər yaradıb. …Əmir Teymura ad edilən “Sohibqiron” dastanı özbək oxucusu tərəfindən məhəbbətlə qarşılanıb. Yeri gəlmişkən, Əmir Teymur haqqında yazılmış və Özbəkistanda maraqla qarşılanmış əsərlər sırasında Azərbaycan yazıçısı Y.Oğuzun “Əmir Teymur-Zirvəyə doğru” (2011), “Əmir Teymur-Dünyanın hakimi” (2012) romanları özünəxas yer tutur. Romanlar özbəkcəyə, ruscaya və b. dillərə çevrilib.
…Müstəqilliksonrası özbək ədəbiyyatı mövzu, forma, axtarışlar, yeni üfüq qazanmalar baxımından daha da yüksəlib. Özbək ədəbiyyatının göyündə istedadlar ulduz kimi parlayıb. Tanınmış yeni nəsil şairlərindən X.Rüstəmsə Azərbaycan KİV-lərində artıq ulduz deyil, “Ən yeni özbək qadın poeziyasının Günəşi” olaraq tərif görməkdədir. Bu, onun istedadı və özbək ədəbiyyatını xarici ölkələrdə ləyaqətlə təmsil etməsi ilə yanaşı, Azərbaycan həqiqətlərini ədəbiyyatda uğurla inkas etdirməsi ilə də sıx bağlıdır. Qarabağ həqiqətlərindən bəhs edən “Adı Lalə idi o qızın” poemasında şair yazır:
“Daşkəndə qayıtdım ertəsi günü,
Çiynimdə bir uçaq dərd gətirmişdim.
Cərəyan sarmışdı canımı sanki.
Titrədirdi məni…
Unudub aləmi, cümlə cahanı,
Bütün dərdi ilə, yanğısı ilə
Mən qucub ağladım Azərbaycanı”!..
***
…Fərqli ədəbi nəsilərə mənsub O.Əzim, X.Dövran, S.Seyid, T.Qəhhar, Fəxriyar, X.Rüstəm, D.Ergejova, Q.Məcid, Ş.Qasım, İ.Mirzə, E.Şükür, Ş.Ortikova-Kamranlı, Gözəlbəyim, N.Afaqova, N.Jonuzoqlar çağdaş Özbək şeirinin öndə gələn isimləridir. Gənc nəslin təmsilçiləri öyrətmənlərin çox da gerisində deyil: örnəyi, R.Babacan, J.Jondor, Ş.Şavkat, J.Namaz, Z.Arifjon, Mehrinaz, Mirzahid və b.-nın adını çəkə bilərik.
Bu gün Özbək nəsrində müxtəlif ədəbi nəsillərin təmsilçiləri fərqlənməkdədir. Q.Norkobil, E.Azam, X.Sultan, N.Eşankul, X.Dostmuhamməd, U.Həmdəm, İ.Sulton,
A.Yulduş, S.Anar, L.Burixan, Z.Kurolbayqızı Özbək nəsrinə, publisistikasına yeni hava gətirən, önə çıxan yazarlardır.
Bir sözlə, günümüz Özbək ədəbiyyatı bir qala bürcü kimi Orta Asiyada yüksəlir və dörd tərəfdən görünür…
***
…Orta Asiyadakı qardaşlarımızla ən sıx ədəbi əlaqələr məhz Özbəkistanladır. Bir çox yazarımızın əsəri özbək dilinə uyğunlaşdırılaraq yayınlanıb. Özbək şairlərinin də şeirləri Azərbaycancaya uyğunlaşdırılıb. R.Əskər, A.Ülvi, Y.Qasımbəyli, A.Azalp, Ş.Dağlaroğlu, İ.İlyaslı, R.Sabir, T.Ə.Həşimova, E.Əzim, İ.Yaşar, S.Kamranlı, Ş.A.-Kamranlı, T.Turan və b. bu sahədə xeyli iş görüb.
…Nəvainin “Xəmsə”si R.Əskər tərəfindən dilimizə uyğunlaşdırılıb və nəşr edilib.
…Professor Özbəkistanın “Turan” EA-nın akademiki adına layiq görülüb. “Turan” EA-ya 2021-ci ildə üzv seçilən digər Azərbaycanlı isə Q.Paşayevadır.
…2020-ci ildə İ.Həbibbəylinin redaktorluğu, A.Ülvi, Y.Qasımbəyli və A.Azalpın çevrisi ilə gün üzü görən “Ə.Nəvai. Hikmətli sözlər” kitabını, A.Ülvinin “Ə.Nəvainin əsri və nəsri” monoqrafiyasını da da unutmuruq. X.S.Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” memuarı Daşkənddə nəşr olunub (2020; nəşrə hazırlayan: Prof.H.Baltobayev, 1929-cu il mətnini yenidən nəşrə hazırlayanlar və redaktorları: A.Ülvi və Y.Qasımbəylidir).
…Azərbaycanın Özbəkistanla ikitərəfli və çöxtərəfli əlaqələri, o cümlədən mədəni işbirliyi günümüzdə uğurla davam edir. …Bugünlərdə Q.Norkabilin “Rəis və 5 dul qadın” pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən uğurla səhnələşdirilib. Bununla, son 30 ildə ilk dəfə, bir özbək dramaturqun əsəri Azərbaycan teatrında səhnələşdirimiş olur.
…Özbəkistan Prezidentinin Sərəncamı ilə “100 cildlik Türk xalqları ədəbiyyatı” nəşrlər seriyasının üzərində iş başlandığını da minnətdarlıqla qeyd edir, bu nəcib, qürurverici hadisə münasibəti ilə bütün Türk dünyası ədəbiyyatçılarını qutlayıram!
Bir ürəkdə iki can: Türkiyə, Azərbaycan
…Türkiyədə son 30 ilin ədəbiyyat dəyərləndirməsini aparan şair C.Qarabulud yazır:
“Daha öncə şairin kimliyinin, şəxsiyyətinin önəm qazandığı-içində bir mövzusu olan, anlamlı və asan anlaşılan, qulağa da xoş gələn müsiqisi ilə yaddaşlarda yer edən, əzbərlənə bilən vəzinli, ölçülü şeir anlayışı vardı, o son 30 ildə önəmli dərəcədə sıxışdırıldı. Bunun yerinə belə bir yanaşma meydana çıxdı: “Şairin əxlaq və xarakteri, şəxsiyyəti önəmli deyildir, önəmli olan nə yazdığıdır. Şairin yazdığının nə anlam daşıdığı da soruşulmamalıdır. – Soruşmaq cəhalətdir, gerilikdir. Oxuyan nə anlayırsa, şeir də odur, məna da”… Bu üzdən anlamadığımız şeirlərə “bu nədir?” deməkdən belə çəkindik. – “Cəhalət”imiz ortaya çıxmasın deyə… Adam içi boş şeylər də yazsa, biz “hər halda bunda bir hikmət var” deyə ciddi-ciddi oxuduq; amma nə yazıq ki bunların içində heç bir şey yoxmuş… Bizdə deyərlər, “Suyun dayaz olduğu bəlli olmasın deyə onu bulandırırlar”. Bəli, son 30 il boyu poeziya aləmində suyu bulandıranlar çox oldu…
Bu üzdən “ikinci yeni” deyilən şeir axımında “şəkil dəyişdirəlim” deyərkən, ağını çıxardılar, dadını qaçırdılar. Beləliklə, dadsız, duzsuz, anlamsız, müsiqisiz, ölçüsüz şeir deyilən bir şey hasil oldu, ona görə, şeirlər dinlənməz, oxunmaz, sevilməz hala gəldi… Şeir oxucuları azaldı”…
…Araşdırmaçı-yazarı Z.Tək isə DGTYB-nin 2016-cı ildə təşkil etdiyi Türk dünyası gənc yazarlarının Bakı toplantısında etdiyi “Çağdaş Türk ədəbiytatına bir baxış” adlı məruzəsində deyirdi ki, 1860-cı ildən sonrakı Türk ədəbiyyatı qardaş ölkə ədəbiyyatşünaslığında əsasən “Yeni Türk ədəbiyyatı” olaraq qəbul edilməkdədir.
Tənzimatdan günümüzə çağdaş türk şeiri
Çağdaş Türk şeirini klassik şeirdən ayıran özəlliklərin başında nə gəlir? Çağdaş şeir: fərdi mərkəzli olub, fərdin çıxılmaz durumlarını, fəlakətlərini mərkəzə alır. …Bu tərz şeirdə insan sosial, siyasi, bir sözlə, var olan bütün məsələləri ilə ədəbi mətndə özünə yer bulur: “Bu anlamda Şinasi, Z.Paşa və N.Kamal fərdin məsələlərinin önə çıxdığı, siyasi və sosial mövzuların şeirdə sıx yer aldığı dönəmin sənətkarlarıdır. Çağdaşlığın, demokratiya, hürriyyət, ağılçılıq kimi mövzuların işləndiyi bu dönəm həm məzmun həm forma özəllikləri baxımından Köhnə Şeirdən fərqlidir…
…Daha çox sosial içərikli olan Tənzimat və fərdi möhtəvanın sıxlıqla görüldüyü “Sərvət-i Fünun” ədəbiyyatından sonra 1908-1923-cü il arası qardaş ölkə ədəbiyyatında II Məşrutiyyət dönəmi Türk ədəbiyyatı gəlir. Milli Ədəbiyyat isə bu dönəmin (1911-1923) ən güclü ədəbi axımıdır. Bu dönəm ədəbiyyatında Balkan Savaşları, I Dünya Savaşı və Qurtuluş Savaşının təsirləri işlənib, milli duyğulu əsərlər yaranıb. Ö.Seyfəddin, Z.Gökalp, Y.Q.Qaraosmanoğlu, X.Ə.Adıvar, F.R.Atay, R.N.Güntəkin, Y.Akçura, X.N.Zorlutuna, M.C.Kuntay bu axımın ən güclü isimlərindəndir. Y.Kamal isə məqalə və konfranslarıyla bu axımı dəstəkləyib.
…Cümhuriyyət dönəmində sosrealizm də önəmli bir damardır. …Bu damarın ən güclü təmsilçisi, Azərbaycanda da yaxşı tanınan N.Hikmətdir. …N.Hikmət şeirə kinomoqrafik bir hərəkətlilik gətirib.
…Qərib(ə) axımının öndə gələn təmsilçisi O.V.Qanıq da Türk ədəbiyyatının ən ünlü şairlərindəndir. 40-cı illərdə çox təsirli olan Qərib Axımı (I. Yeni) özündən öncəki ədəbi axım və anlayışlara təpki göstərərək Türk şeirinə bir çox yenilik qazandırıb. Ədəbi sənətlərə, şairanə söyləyişlərə, vəzin, qafiyə kimi ahəng ünsürlərinə qarşı çıxan Qəribçilər sadə insanı və onun gündəlik həyatını şeirə gətirib.
…Çağdaş Türk şeirinin güclü sənətkarlarından A.İlhan Qərib Axımına qarşı Mavi axımını müdafiə edərək, bu mövzudakı şeir anlayışını 1952-1956-cı illər arasında Mavi adlı dərgidə ortaya qoyub. Formalı və zəngin çağrışa önəm verən İlhanın şeirləri sosrealizm anlayışını yansıtmaqla yanaşı fərdi mülahizələrin də önə çıxdığı əsərlərdir (“Elde var hüzün”, “Ben sana mecburum”, “Ayrılık sevdaya dahil”)…
Cümhuriyyət dövrü Türk ədəbiyyatının ən önəmli ədəbi axımlarından biri II Yenidir. 1954-cü ildə başlayan axım günümüzə qədər təsirini davam etdirməkdədir. Böyük şəhər insanının bunalımlarına, ekzistensial sorunlara, çağdaşlığın səbəb olduğu böhranlara sıxlıqla yer verilən bu şeir anlayışında xəyali, qapalı bir dil önə çıxmaqdadır. II Yeni şairləri, şeirin asanlıqla anlaşılmasına təpki göstərib, oxucunun şeiri anlamlandırmasındakı rolunu önəmsəyib. Bu topluluğun ən güclü sənətkarları C.Sürəyya, T.Uyar, Ə.Cansevər, E.Ayxan və b.-dır. Bu sənətkarlarla üslub yaxınlığı olsa da, S.Qaraqoç poetikasında İslam estetikasını, Mütləq Həqiqətə duyulan inancın verdiyi ümidi, “Diriliş” fikrini önə çıxarması baxımından ayrı bir yerdə durmaqdadır.
Bir dönəm sosrealizm şeir cizgisində əsərlər yazan İ.Özəl, 70-ci illərdən sonra İslamçı şeirin ən güclü isimlərindən olub. …Marksist olduğu dönəmdə də, İslamçı düşüncəyi mənimsədikdən sonra da, onun şeirinin estetik dəyəri yüksək olub.
…Son dönəm Türk şeiri fərqli məktəb, ideoloji və tərzlərdə çoxsaylı özgün şairlərin varlığı ilə davam etməkdədir. Günümüz Türk şeirində önə çıxan bəzi sənətkarların adını çəkək: H.Yavuz, Ş.Ərbaş, H.Ərgülən, Y.B.Bakilər, N.Gənc, İ.Tənəkəçi, C.Yücel, Ə.Qaraqoç, N.Payam, D.Madak, G.Akın…
Əhməd Midhətdən Oğuz Ataya türk romanı
Roman Türkiyə ədəbiyyatına Tənzimat dönəmində girib; ilk əsərlər Ə.Mirdhət, Ş.Sami, N.Kamal, R.M.Əkrəm, N.Nazim tərəfindən yazılıb. Özəlliklə Çağdaş Türk ədəbiyyatında romanın yerini anlamaqda “hace-i evvel” Ə.Midhət önəmlidir. …X.Z.Uşaqlıgil Türk ədəbiyyatında Qərb tərzi əsər verən ilk böyük roman yazarı olaraq qəbul edilir. …Yazarın ən ünlü əsərləri “Mavi ve Siyah”, “Aşk-ı Memnu” ve “Kırık Hayatlar”dır.
…Cümhuriyyət dönəmi Türk ədəbiyyatında ən güclü sənətkarlardan biri Ə.H.Tanpınardır. Sənətkarın “Huzur” romanı Şərq-Qərb qiyaslaması üzərindən mədəniyyət problematikasına həsr olunub.
S.Ayverdi və S.Ərol Türk romanında mistikanın ən güclü sənətkarlarıdır. …Hər iki yazarın romanlarında kamil insan anlayışına uyğun olaraq nəfis tərbiyəsi görülməkdədir.
…Postmodern Türk romanının ən ünlü isimi O.Ataydır. Çağdaş fərdin iç dünyasını ortaya qoyan sənətkar, öz əsərlərində nigaran insanın çıxılmazlıqlarını işləyib.
…V.Osmanlının 2008-ci ildə çıxmış “Qədim türk ədəbiyyatı” (VI-X yüzillər) əsərində də Tənzimatsonrası əsasən yuxarıdakı bölgü və adlarla səsləşir…
Z.Təkin, V.Osmanlının, digər fərqli nəsillərə mənsub tədqiqatçı və yazarların bölgülərinə, çəkdikləri adlara sayğımız öz yerində ancaq, qardaş Cümhuriyyətin aparıcı yazıçılarından danışarkən, tanınmış elm və ədəbiyyat xadimi İ.Palanın adını çəkməsək olmaz. Ədibin “Şah&Sultan”, “Od”, “Babildə ölüm, İstanbulda eşq” romanları Bakıda da yayınlanıb və ədibin respublikamıza ABAİB tərəfindən təşkil olunan səfəri çərçivəsində imza günü keçirilib (2012). İ.Pala 2013-cü ildə Ədəbiyyat sahəsində Türkiyə Cumhurbaşkanlığının Böyük Ödülünə layiq görülüb.
Əlbəttə, “Nobel” ödüllü O.Pamuk öndə olmaqla son onilliklərdə parlamış romançıların adı Azərbaycanda, bütün dünyada məşhurdur. Azərbaycanlı gənc yazar R.Əhməd “Orxan Pamukun evində” adlı kitab yazıb (2021).
***
Q.Alxanova, K.Ələkbərova və S.Nağıyev tərəfindən Bakıda nəşr edilən “Türk ədəbiyyatı” antologiyası XIX-XXI yüzil Türk nəsrinin mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edib. Ə.Oğuzun tərtib etdiyi, N.Əbdülrəhmanlının redaktoru olduğu başqa bir “Türk ədəbiyyatı antologiyası” Azərbaycan Tərcümə Mərkəzinin yeni işidir. 2021-ci ildə çap olunan dəyərli nəşrlərdən biri də X.Hümmətovanın hazırladığı “Y.Əmrə. Salam olsun” divanıdır.
***
2021-ci ilin payızında Z.Yaqubun “Türkün ruhu” kitabı Ankarada, “Türk Ocaqları”nda, K.Çarboğanın nəşrə hazırladığı “Aşıq Əsləsgər” kitabı isə TÜRKSOY-da ictimaiyyətə təqdim olunub. K.Çarboğa, İ.Avşar Azərbaycan ədəbiyyatı örnəklərini qardaş ölkədə nəşrə hazırlayan, uyğunlaşdıran ən məhsuldar yazarlardandır.
Yazıçı VARİS son illər Türkiyə nəşriyyatları ilə sıx ibirliyi içindədir. Onun romanları Türkiyədə, habelə Özbəkistanda kütləvi tirajlarla gün üzü görməkdədir. Son illər, yeni nəsil yazarlarından R.Sabir, Ş.Sadiq, M.Xan, A.Səfərli və b.-nın kitabları da Türkiyədə gün üzü görüb. A.Həsənoğlu, H.Şəmi isə yaradıcılıqlarını İstanbulda davam etdirir.
Qardaş ölkədə gün üzü görən ən yeni Azərbaycan ədəbiyyatı örnəklərindən biri ötən ilin sonlarında çıxan Əli Kərimin “Seçilmiş şeirlər”idir. “Bəngü”də çıxan kitab şairin 90 illik yubileyinə ərmağandır. “Bəng”ü ötən il İ.İsaqın şeirlər kitabını da nəşr edib.
Gültac və Qarabulud…
Türkiyənin ünlü şairi C.Qarabuludun “Hardan haraya” şeirlər kitabı N.Gültacın uyğunlaşdırması ilə DGTYB-nin nəşri olaraq Bakıda gün üzü görüb (2017), Bakı, Sumqayıt və Şəkidə müəllifin imza günləri keçirilib. N.Gültacla C.Qarabuludun ədəbi işbirliyi bir sıra başqa layihələr də meydana gətirib. Onların vasitəsi ilə onlarla şair, rəssam bir-biri ilə tanış olub, yaradıcı əlaqələr qurub. İki şairin işbirliyi əsasında artıq Orta Asiya Könül Yolçuluğu platforması yaranıb və bu il Fəthiyyədən bir qrup şair, ədəbiyyatşünas Orta Asiyaya könül yolçuluğu edəcək.
“Daim ənbər saçar gülü Türkmənin”
Türkmən klassik ədəbiyyatının coşqun inkişaf dövrü XVIII yüzilə təvafüq edir. Doğrudur, türkmən qardaşlarımızın ədəbiyyatının kökü qədimlərə gedib çıxır; özəlliklə çoxsaylı folklor örnəkləri azı 1000 illik bir tarixi əhatə edir, bununla belə türkmən yazılı ədəbiyyat qismən gəncdir.
XVII yüzilliyin ilk görkəmli şairi D.Azadidir. …O, ərəb-fars dilində yox, doğma dildə yazmağın önəmini göstərən ədiblərdən olub.
XVII-XIX yüzillər türkmən ədəbiyyatı zəngindir, çoxşaxəlidir. Həmin dövrdə Azadidən başqa, N.Əndəlib, A.Şahbəndə, M.Fəraqi, Şeydayi, Q.Məğrubi, Q.Qayıbi, M.Talıbi, O.Qurdoğlu, M.Kəminə, S.Seydi, Q.Zəlili, Ə.Zinhari, M.Nəpəs, O.Aşiqi, Ə.Katibi, Dostməhəmməd, A.Möhtaci, Miskinqılınc, D.Balqızıl və b. türkmən şairləri yaşayıb-yaradıb.
…Bütün dövrlərin ən parlaq Türkmən şairi olaraq M.Fəraqi qəbul edilir. …”Məhtimqulu poeziyası ilə Azərbaycan klassik poeziyası yalnız coğrafi ərazi baxımından ayrıdır.” (A.Ülvi).
…XIX yüzil türkmən poeziyasında satiranın əsasını qoyan sənətkar kimi M.Kəminə ünlüdür. …XVIII yüzil klassik türkmən ədəbiyyatı türkmən xalqının ictimai siyasi tarixinin öyrənilməsi baxımından əvəzsiz qaynaq hesab olunur.
…Azərbaycan-türkmən ədəbi əlaqələri istiqamətində son illər görülmüş önəmli elmi, ədəbi işlərə professor M.Əliyevin “M.Fəraqi şeirinin poetikası” monoqrafiyasını örnək göstərə bilərik. …2018-ci ildə Akd. İ.Həbibbəylinin ön sözü, fil.f.d. İ.Osmanlı və fil.f.d. T.Talıbovanın tərtibatı ilə “Azərbaycanda M.Fəraqinin ədəbi irsinin nəşri və tədqiqi” adlı biblioqrafiya hazırlanıb.
Prof. R.Əskərin ötən Qurultaydan bəri Türkmən ədəbiyyatı da daxil olmaqla Türk dünyası ədəbiyyatı ilə bağlı gördüyü işlərsə ayrıca məruzə mövzusudur. …2021-ci ildə türkmən ədəbiyyatından “Salar Baba Xaridari. Oğuznamə” (hazırlayan: İ.Osmanlı) kitabı nəşr olunub.
Digər təsbitlər, problemlər, perspektivlər, təkliflər
…Ümumtürk coğrafiyasındakı xalqların ədəbiyyatının bir-birinə daha yaxından tanıdılmasının birliyimizi daha da möhkəmləndirəcəyinə inanırıq. Belə bir cəhdin sonucu olaraq hər türk xalqının ədəbiyyatı, digərlərindən alınan ilhamla daha da zənginləşəcəkdir. Bu ədəbi yaxınlığı təmin etmək məqsədi ilə, Türk dünyasında orijinaldan çeviri fəaliyyətləri sistemli şəkildə artırılmalıdır. Ortaq dəyərlərimizi yenidən təhlil etmək, onların mənəvi qiymətini ortaq şüurla anlamaq üçün görüləcək işlərimiz çoxdur.
Türk xalqları ədəbiyyatı adına görüləcək işlərə rəhbərlik edənlər, naşirlər bilməlidir ki, türk xalqları ədəbiyyatının ilk mətnləri hansılardır, hansı ortaq ədəbi abidələr var. Ayrılmalar nə vaxtdan başlayıb? Dini, ictimai-siyasi formasiya dəyişimləri ədəbiyyatdan necə keçib, ədəbiyyat bu keçidi necə əks etdirib? Böyük imperiyaların yaradılışı və süqutu, intibah hadisələri, xalqların böyük köçü, sənayeləşmə, dünya savaşları və s. ədəbiyyatda ortaqlığımıza nə verib?-Bunlar ortaq türk ədəbiyyatı çalışmalarında gözardı edilməməlidir. Məsələn, 2018-ci ildə kitabxanalara daxil olan 3 cildlik “Türk xalqları ədəbiyyatı antologiyası” (“Şərq-Qərb”/ISBN978-9952-512-76-2 978) bu tələblərə cavab vermir.
…Türk ölkə və topluluqlarının yaradıcılıq birlikləri arasında işbirliyinin güclənməsi, inkişafı vacibdir. Qırğız MYB AYB və DGTYB ilə işbirliyi anlaşması imzalayıb. DGTYB-nin Özbək Gənc İcadkarlar Birliyi ilə də anlaşması var. Ayrıca, İLESAM Azərbaycan bölməsini açıb. TƏV Azərbaycanla işbirliyinə böyük önəm verir.
…Türk xalqlarının ədəbi-mədəni əlaqələrinin araşdırlması üçün xüsusi qruplar yetişdirilməlidir. Bakıdan Daşkəndə, Bişkekə, Almatıya, Aşqabata, Kazana arşadırmaçılar, eləcə də, öyrəncilər göndərilməlidir. Ə.Yəsəvi, Manas adına universitetlər kimi elm-təhsil ocaqlarında Azərbaycanlı öyrəncilərin sayı artırılmalıdır; özəlliklə Dil-filologiya üzrə təhsil alanları nəzərdə tuturam. Qardaş ölkə öyrəncilərinin Bakıda təhsilini təşviq etməliyik. Azərbaycan universitetlərində qardaş ölkələr, topluluqlarla bağlı kabinetlər, kitabxanalarda guşələr yaradıla bilər. Qardaş ölkələrlə Ədəbiyyat və incəsənət dekadalarını davamlı şəkildə keçirməliyik.
…Türk ölkə və topluluqları yeni düzəndə, başqa sözlə, yeni mədəniyyət dairəsində arada qalmamalıdır. Yəni, necə bir dünya ilə, mədəniyyətlə qarşı-qarşıya qalındığının fərqinə varmalıyıq. TDT xətti ilə yeni mədəniyyət strategiyası işlənməlidir. …İnanırıq ki, oxucunun öyrəşdiyi dəyərlər dünyasından qopmasını, öz soykökünü axtarışa başlarkən millidən daha çox dini zehniyyət qatı ilə üzləşməsini, üstəlik, daha yeni (əsasən Qərb) təsirlərə məruz qalmasını ehtiva edən dönəm başa çatmaqda, sabitləşmə yaranmaqdadır. Son illər müstəqil türk ölkələrinin ədəbiyyatı bunalımdan silkinir, sular durulur.
…Sonda Ümummilli lider H.Əliyevin 1996-cı ildə, Türk Dünyası Yazıçılarının Bakıda keçirilən III Qurultayındakı möhtəşəm nitqini xatırlamaq istərdim: “Mənim tövsiyəm ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün, bir-birini bilavasitə daha da anlaşması üçün, dillərimizin inkişaf etməsi üçün və bir kökdən olan dillərimizin bir-birinə daha da yaxınlaşması üçün yazıçılar öz xidmətlərini göstərsinlər. Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər”. – Bu sözlər, əlbəttə, ortaq dil, ortaq əlifba mövzusunun güncəlliyini ifadə edir.
Qardaş qələmlərə eşq olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!