Yorum-Analiz

Susan Rusiya, öldürən Rusiya… Gürcüstan da susacaqmı?..

Əkbər Qoşalı

Rusiyada polis tərəfindən qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevin qatili azadlığa buraxılıb. Niyə? Öldürülən azərbaycanlıdır da ona görə? Rusiyada rus olmayanların ölümü adi haldır yoxsa?

Vəkili başından güllələyərək öldürən polis həbs olunmuşdu; ona qarşı öncə cinayət təhqiqatının dayandırılması, sonra isə onun azadlığa buraxılması nəyin ifadəsidir? – Bu, ilk növbədə, böyük Rusiyanın kiçik ürəkliliyini göstərir. Onu göstərir ki rusun hüquq sistemində problemlər – ciddi problemlər mövcuddur. Bu, “ağılla idrak edilməsi mümkün olmayan” və də ruhsuz ölkədə siyasi ayrı-seçkilik, fobiya motivlərinin mövcudluğunu nümayiş etdirmirmi?

Vəkil Abdullayev nəyə görə saxlanmışdı? – Adammı öldürmüşdü, evmi yıxmışdı, terrormu törətmişdi ya nə? Yol qəza hadisəsi törətmişdi; törətmişdi – cəzasını verərdilər, daha öldürmək neyçün? Polisin silah çıxartmasına nə ehtiyac varıydı? Asayişi beləmi təmin edirlər?
Bu hadisə Rusiyada digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyün, rasizmin olduğunu göstərdi. – Göstərdi ki, 1945-ci ildə bizlərin də müstəsna iştirakı ilə faşizmi məğlub edən rus, yalnız SSRİ-nin varisi deyil, eynigüclə faşist Almaniyasının da varisi dərəcəsində bir ölkədir. Özündəki neofaşizm azmış kimi Ermənistan adlı üzqarası faşizm yuvası da barındırıb, bəsləyib. Yazıqlar olsun, Tolstoyun, Dostoyevskinin ölkəsinə.

“Russia Today” telekanalının əməkdaşı, RF İctimai Palatasınln üzvü, “Vahid Rusiya” partiyasından Dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina kimilərinin qatil polisə dəstək verməsi (və onun azadlığa buraxılmasını tələb etməsi!) Rusiyada rasistlərin xalqın adından danışmaq yetkisi əldə etməyə yaxınlığını göstərir. Belələrinin Millət vəkili olması qanuna, qanunverici orqana sayğısızlığın bariz örnəyidir.
Vəkil Abdullayev Gürcüstan vətəndaşıdır. Görəsən rəsmi Tiflis öz vətəndaşına niyə yiyə durmur? Gürcüstan bu məsələni beynəlxalq təşkilatlarda qaldırmalı deyilmi?

Rusiya vətəndaşı olan Dilqəm Quliyev Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin xüsusi əməliyyatı ilə əsir götürülüb, işgəncələrə məruz qalınca Rusiya necə susurdusa, Gürcüstan da eləcə susacaqmı?!.
Suallar çoxdur…

Bir Cevap Yazın